Şüşə xoşbəxtliyi | Kamran Nəzirli

Xoşbəxtlik şüşə kimi bir şeydi; əlindən düşdü, ya sınıb çilik-çilik olacaq, ya da çatdayacaq. Onu gərək bərk-bərk qoruyub saxlayasan; ya da qoyasan balışının altına, toy boxçası kimi gizlədəsən, vaxtı-vədəsi gələndə çıxarasan üzə. Qadın  ömründə ilk dəfəydi ki, belə düşünürdü. Səhərin gözü açılar-açılmaz bu qənaətə gəldi ki, onun “şüşə xoşbəxtliyi”nin vaxtı yetişib; o, əslində heç harda gizlətmədiyi və heç harda axtarmadığı xoşbəxtliyi ötən gecə qəfil tapdı və innən belə nə balışa, nə də toy boxçasına ehtiyacı yoxdu. Həmin “şüşəni” ürəyinin başında gəzdirəcək. Kimin hünəri var onu sındırmağa? Axı o, öz ürəyinin yeganə və əvəzolunmaz hakimiydi! Bu hakimiyyəti ondan heç kəs ala bilməzdi, ölümdən başqa!
Bu gün, oktyabr ayının iyirmi üçündə, Vyananın “Astoriya” hotelində, səhər tezdən məhz bu qatmaqarışıq düşüncələrlə yuxudan duran Aygün avstriyalı Yurgenlə yaşadığı anları, dəqiqələri xatırlayırdı; gah gülümsəyir, gah ürəyində danışır, gah da əl-üzünü yuya-yuya Bakı haqqında düşünürdü. “Bakıda mənim kimi qadınla evlənməzlər. Bakıda mənim kimi qadını bir saatlıq, bir dəqiqəlik, bəlkə də bir saniyəlik sevir, tərifləyir, xoş sözlər deyir, sonra da atıb gedirlər. Amma burada əsl kişi gördüm, təbii ki, əsl kişi yanında özüm haqqında pis qadın kimi düşünmədim, əsl xanım kimi hiss elədim özümü... Bəli, bəli... Nə qədər ki, əsl kişiyə rast gəlməmişəm, pis qadınlar çox olacaq. Bax belə... İnnən sonra mən özümü heç kəsin, heç bir kişinin yanında sındırmayacaq, mənə pis qadın kimi baxanlara da bir toy tutacam ki, külli-aləm tamaşasına gəlsin...”
Bura gələndən avstriyalı Yurgenlə dostlaşmışdı; bir şüşə Bakı konyakı və iki qutu qara kürü onların alış-veriş sövdasına əlavə istəklər, görünməmiş ehtiraslı münasibətlər gətirdi.
Yurgen ucaboy, gülümsər ağ adam idi, təxminən qırx-qırx beş yaşlarında olardı. Qadının qaldığı hoteldə yaşayırdı; əyalətdən Vyanaya biznes forumuna gəlmişdi; forum iki gün çəkdi, amma Yurgen daha beş gün hoteldə qalmalı oldu. Əlbəttə, buna səbəb bayaq dediyim qara kürü və konyakdan başqa həm də qadının özü oldu. Yurgen ondan ötrü demək olar ki, divanəyə döndü; ona hər gün bir ədəd qərənfil bağışladı, restorana apardı, Vyananın ən bahalı mağazalarından onun üçün hədiyyələr aldı. Bütün bunların müqabilində qadın onunla yatdı; elə həmin gecə Yurgen ona evlənmək təklif edəndə qadından bir şaqqanaq qopdu ki, az qala hotelin divarları çatdayacaqdı. Yurgen təəccüblə və bir qədər də müəmmalı baxışlarla onu süzdü; qadın gülə-gülə soruşdu:
- Məgər biz evlənmədik? Neçə gündü səninlə nə edirik?
- Mən səni öz kəndimə aparmaq istəyirəm, orada atam-anamla, qardaş-bacımla tanış olandan sonra kilsəyə gedərik, rəsmi nigaha girərik...-Yurgen dedi.
- Axı məndə nə görmüsən? Mən pis qadınam, başa düşürsənmi? Pis qadın bilirsənmi nədir? Bizdə heç bir kişi pis qadını almaz... Elə mən özüm də sevmirəm...-deyə qadın yenə şaqqanaq çəkdi.
- Mənə sənin keçmişin lazım deyil, sən mənim üçün indisən; beləcə gözəl, qayğıkeş, zərif, xöşbəxt indi... Sənin bu günkü həyatın mənim üçün daha müqəddəs və əzizdir, doğru deyirəm, sevgi elə budur...-  deyə ucaboy, gülümsər alman əllərini onun saçlarında yüngülcə gəzdirdi.
Qadın bir qədər duruxdu; o, hələ heç kimdən belə sözlər eşitməmişdi; “necə yəni, sən mənim üçün indisən?... sevginin keçmişi, gələcəyi yoxdu?... sevgi indidir, bu gündür, lap bu dəqiqələrdır??? Ondan böyük xoşbəxtlik var???”. Nə qəribə məntiqdi? Əlbəttə, Yurgeni tamam anlamasa da düşündü ki, bu ağ dərili ətirli alman kişisi onu doğurdan da sevir. Qadın bundan qürur duydu, lakin Yurgenə cavab verməyə tələsmədi. Hotel otağının pəncərəsindən şəhərə baxa-baxa qılıqla dilləndi:
- Biz ayrı-ayrı adamlarıq, ser... Təsəvvür elə ki, heç nə olmayıb aramızda. Öz ölkəndə məndən də yaxşısını tapa bilərsən....
- Səndən yaxşısını tapa bilmərəm, əzizim. Sən yeganə qadınsan ki, mənim ürəyimin tən yarısını əbədi zəbt etdin...
Qadın yenə şaqqanaq çəkdi və beləcə həmin gecə onun üçün həm anlaşılmaz, həm də heyrətedici həzzlə qatışdı; tərəddüdlər, narahatlıqlar doğuran, lakin cazibəli bir gecə oldu. Daha sonra Yurgen əyalətə getdi və dedi ki, Vyanadan onların əyalətinə cəmi beş saatlıq yoldu, səhər mütləq gələcək, onu götürüb aparacaq evlərinə. Elə ordan da birbaşa kilsəyə gedəcəklər... “Gör ha, burada evlənmək çox sadə və su içim kimidi. Bizdə uzun həngamədi. Bax, indicə otağın qapısı açılacaq, Yurgen içəri girib deyəcək: “Hə, sevgilim, hazırsanmı? Gedirik bizim kəndə. Sonra kilsəyə... sonra restorana... sonra səyahətə... sonra.... sonra...”
Bu ilıq, əsrarəngiz, həm də çox uzaq görünməyən xəyali duyğularla o, əslində Bakıda da yaşaya bilərdi. Bəs necə oldu ki, bu duyğular birdən-birə qərib şəhərdə onun bütün vücudunu oynatdı, hə? Axı bu, necə oldu? Beynində fırlanan fikirlər qarışıq mallar mağazasını xatırladırdı. Qadın bu anlarda deyəsən Vyanaya nə üçün gəldiyini belə unutmuşdu...
Qapı döyüldü, içəri biri-birindən güləş, qəşəng iki qız və onları Vyanada müşaiyət edən bəstəboy, dolu bədənli, otuz-otuz beş yaşlarında olan cavan oğlan hay-küylə daxil oldu.
- Hardasan, Ayka? Dünən gecədən yoxsan... Gecə qapını nə qədər döydük açmadın...- deyə bəstəboy, göygöz, sarışın saçlı cavan (o, bu kiçik qrupun meneceri idi) tövşüyərək birnəfəsə soruşdu.
- Olmaya mister Yurgenlə... bəlkə vurulmusan, hə? –deyə qızlardan biri marağını gizlətmədi.
Aygün dinmədi, könülsüz-könülsüz çarpayının üstünə tulladığı narıncı rəngli dəsmalı götürüb vanna otağına keçdi...
- Buna noolub?- bəstəboy menecer qızlardan cavab istəyirmiş kimi sağ əli ilə Aygünü göstərdi.
- Onun sonuncu müsabiqəsiydi... Heyf ki bu dəfə də keçmədi... Yəqin buna görədi...-  bu dəfə çantasından qəhvəyi rəngdə uzunsov siqaret çıxarıb menecerdən alışqan istəyən o biri qız dilləndi.
- Nu şto? Podumayeş, eto ne naşa vina... Kak firma, eto mı pastradali, ne ana....-menecer qızın siqaretini yandıra-yandıra mızıldadı.
Bütün bunları qadın eşidirdi, amma o, ayrı şey haqda düşünürdü. Bu müsabiqə onun üçün birdəfəlik bağlı qapılar arxasında qalmışdı...
Firma onları Vyanaya gözəllik müsabiqəsinə göndərmişdi. Bakıda üç gözəl seçilmişdi və firma bu gözəlçələri Vyanaya yola salanda ən çox ümid Aygünəydi. Çünki o, üçüncü dəfəydi ki, belə bir müsabiqədə iştirak edirdi və onu tanıyanlar bilirdilər ki, bir qədər yaşı ötsə də Aygünün mütənasib bədən quruluşu və füsunkar gözəlliyi ona bu dəfə mütləq qalibiyyət gətirəcək. Və bu qalibiyyətdən həm qadın, həm də firma şöhrət və sərvət qazanacaqdılar. Lakin gözləntilər özünü doğrultmadı. Gözəlçələr müsabiqədə yer tutmadılar. Menecerin qanı qaraldı; müsabiqənin sonuncu günü bir az qızlara əsəbləşdi, bir az jüri üzvlərinə etirazını bildirdi, bir qədər də Bakıda qızların əyin-başına cavabdeh olan firmanın dalınca deyindi; paltarlar son moda ilə tikilməmişdi və qızların uğursuzluğuna əsas səbəb də bu oldu. Amma artıq gec idi, heç nəyi dəyişmək olmazdı; müsabiqə ildə bir dəfə keçirilir. Qismət olsa, gələn ilin oktyabrında daha gözəl pal-paltarla gələrlər.
Lakin Aygün belə düşünmürdü; bu müsabiqənin və səyahətin ona xöşbəxtlik gətirmədiyini yəqin edəndən sonra otaqda tək qalmaq istədi. Sonra restorana düşüb bir qədəh konyak içdi; bu vaxt neçə gündən bəri onun başına pərvanə kimi fırlanmaqdan doymayan Yurgeni yanında gördü... Söhbətləri uzun çəkdi.
Aygün ingilis dilində danışa bilirdi və o biri qızlara nisbətən onun bu sahədə təcrübəsi daha çox idi. Onun gecələdiyi “Astoriya” hotelinin demək olar ki, əksər sakinləri Aygünü, həm də ingiliscə yaxşı danışdığına görə tanıyırdılar. Bu bir həftənin içində hotelin sakinləri və personalı arasında heyrətamiz gözəlliyinə görə də məşhurlaşmışdı; nazı-işvəsi və həddən artıq qılıqlı olması onu şıltaq uşağa bənzədirdi. Onunla təmasda olmaq, ona gözəl-gözəl komplimentlər demək, restorana dəvət etmək, rəqs etmək, gəzintiyə çıxmaq, ona hədiyyələr almaq istəyənlərin sayı isə çox idi, lap çox idi. Lakin necə oldusa, o, birini seçdi; Yurgeni...
Vanna otağından çıxanda otağı papiros tüstüsü bürümüşdü. Menecer özündən razı halda kresloda əyləşmiş, qıçlarını bir-birinin üstünə aşırmışdı; qolundakı qızıl zəncir onun aşağı sallanan sol qolunun bilək nahiyyəsini az qala tamam örtəcəkdi. Zəncir qalın və böyük ölçüdəydi, buna görə də menecer tez-tez onu sağ əli ilə yuxarı qaldırır, gah da qızlarla laqqırtı vururdu.
- Hələ vaxtımıza iki saat var,- deyə menecer saatına baxdı. Sonra üzünü Aygünə tutub:
-Taksini sifariş vermişəm... saat doqquza...-dedi.-Yır-yığış eləyin... Gecikməyək...
- Mən getmirəm!..-Aygün birdən-birə qətiyyətlə dedi.
- Nəəəə??? Nə dedin???-hamı bir ağızdan az qala çığırdılar.
- Eşitdiniz, nə dedim, getmirəm!
-Zarafat edirsən?-menecer hələ də nə baş verdiyini anlamadı.
-Zarafat eləmirəm, mən bir daha Bakıya qayıtmayacağam!
Otaqda bir neçə anlıq ağır sükut yarandı. Qızlar bir-birlərinə heyrətlə, təəccüblə və bəlkə də təsəvvür edilməsi çətin olan müəmmalı nəzərlərlə baxdılar. Menecer  boğazına kip bağlamış sarı rəngli qalstukunu bir qədər boşaltdı, yerində  qurcalandı, narahat-narahat əlindəki mobil telefonu oynatmağa başladı, dedi:
- Ya ne razreşayu... Tı...
-Kto tı takoy?- Aygün çəmkirib onun sözünü kəsdi.
O biri qızlar elə bil indi anladılar ki, bu, nəsə ciddi və xoşagəlməz söhbətdi...
- Ya ne rebyonok... Sama reşayu... –qadın əlavə etdi.
-Tfuuuu... İşə düşmədik?!!-menecer hikkəylə ayağa qalxdı. – Tı panimayeş şto delayeş? Sən belə edə bilməzsən!!! Mı tebe denqi dayom... A şto ya skaju şefu, ha???
- Sizin verdiyiniz qəpik-quruş heç mənim bir həftəlik xərcimi ödəmir! Denqi dayut!?  O pulu havayı verirsiz bəyəm?
Menecerin az qala gözləri hədəqəsindən çıxacaqdı; ona qəfildən, özü də heç vaxt belə sözlər deyilməmişdi.
- Bilirsən nə var? Sən bizimlə qayıdacaqsan, vəssalam... Bakıda özün bilərsən... İstəyərsən, yenə gələrsən, istəməzsən... lap Amerikaya çıx get... Şəhərdə razborka-filana qatılmaq istəmirəm... Özüm də bu saat səfirliyə xəbər verəcəm...
Menecer qapını çırpıb getdi. Qızlar lap şoka düşmüşdülər. Heç kəs danışmaq istəmirdi. Ya qorxurdular, ya da yaşca bir qədər onlardan böyük olan Aygündən artıq-əskik söz eşitmək istəmirdilər.
Nəhayət, Aygün paltar şkafından bir kağız parçası götürüb qızlardan birinə uzatdı. Məktub idi.
- Zoyka, bunu mamama çatdır... Mən qəti qərara gəlmişəm... Burda hamısını izah eləmişəm... Xahiş edirəm məni düzgün başa düşəsiniz... Mən öz xöşbəxtliyimi tapmışam... Onu əldən vermək istəmirəm... Sonrası necə olacaq, bilmirəm... Fakt budur ki, bu gün məni çox gözəl başa düşən adam var...
Hələ də özünə gələ bilməyən siqaret sümürən qız heyrətlə Aygünə baxdı:
- Yurgen? Axı o səndən yaşca böyükdü? Ay qız, ağlını başına yığ...-dedi.
- Ağlım başımdadı... narahat olma! Ok?
- Ayka, bəlkə.... Vallah, bu xaricilər adama bir stəkan su da vermirlər havayı... Sən gör kimin dalınca qaçırsan?
-Guya bizimkilər verirlər? Siz hələ uşaqsınız... təzəcə gəlmisiz firmaya... Görərsiz, bu firmada çalışmaq nə deməkdi... Adamın anasını ağladırlar... Özümüzünkülər... Sizi əski parçası kimi hara gəldi sürtəcəklər... Mən bezmişəm... Sürünməkdən yorulmuşam... Eşidirsiz, sürünmək... alçalmaq... özümü qadın kimi hiss etmək istəyirəm... Qadın kimi... fahişə kimi yox! Eşidirsiz?!
Qadının titrəyə-titrəyə söylədiyi sözlər hotel otağının dərin sükutunda daş döşəmənin üstünə düşüb çilik-çilik olan şüşə vazanın cingiltisini xatırlatdı və bu cingiltidən hürküb qorxan, bir qədər də hövllənən gözəlçələr çınqırlarını belə çıxarmadılar. Az sonra Aygünün məktubunu ehmalca büküb çantasına yerləşdirən qız ağlamsına-ağlamsına kəkələdi:
- Ayka, mən sənsizzz... nekuda... net... ni şaq... oy... ya ne maqu... Şto za den?.. Çort vazmi!!!
... Bir azdan menecer qayıdıb gəldi. Üzündə bayaqkı sərtlik və kobudluqdan əsər-əlamət görünmürdü. Doğrudur, həssas adamlar onun sifət cizgilərində dərhal dərin nigarançılıq və bir qədər də təşviş tapardılar. Əlbəttə, o, səfirliyə zəng vurmamışdı. Əslində səfirliyin bu səfərdən xəbəri yox idi. Və bu səfər qeyri-rəsmi şəkildə onların firması tərəfindən təşkil edilmişdi; əgər bəstəboy menecer bu barədə səfirliyə xəbər versəydi iş böyüyəcək, onun şefi üçün başağrısı yaranacaqdı. Ona görə də menecer mobil telefonu ilə ilk növbədə şefə məlumat verdi və ondan aldığı təlimata əsasən taktikanı dəyişmək qərarına gəldi.
- Ayka, izvini... bir az kobudluq etdim... Şeflə danışdım... Dedi Aykaya nə qədər istəsə maaş verəcəm... gəlsin Bakıya danışarıq...
- O yalanlardan çox eşitmişəm... Lap çox... İndi məni heç kəs aldada bilməz... Heç kəs!!!
-İstəyirsən, al özün danış...-deyə mobil telefonu qadına uzatdı.
- Heç kəslə danışmaq istəmirəm... Qurtardıq bu söhbəti... Mən getmirəm, vəssalam!..
Saat doqquz oldu. Onlar bü gün hoteli tərk etməliydilər; menecer hotel inzibatçısı ilə hesablaşıb sifariş verdiyi taksinin düz hotelin qarşısına gəldiyini şvetsardan öyrəndikdən sonra çıxışa doğru addımladı. Qızlar Aygünlə görüşüb ayrıldılar, menecer dodaqucu söyüş söydü.
Hava səhərdən tutqun idi. Menecer və iki qız taksiyə oturan kimi göylərdən bir şaqqıltı qopdu ki, deyirdin bəs, bu saat dünya dağılacaq və bu dəhşətli gurultu onları taksi qarışıq aparıb tullayacaq Vyana çayına. Amma dünya dağılmadı, əvəzində sel su yerinə axdı. Yağış elə tökürdü ki, taksi sürücüsü yolu güclə görürdü. Yarım saatlıq yolu düz iki saata getdilər, çünki yolda tıxac əlindən tərpənmək mümkün deyildi.
Taksiyə oturandan, ta hava limanına qədər menecer Aygünün dalınca yarırusca, yarıazərbaycanca lüğətdə olmayan söyüşlər yağdırdı. Hətta onu “vətəni satan fahişə” də adlandırdı. Arabir taksi sürücüsü dönüb təəccüblə yanındakı  balacaboy menecerə baxır, başını bulayırdı. Yəqin demək istəyirdi ki, “kişi qadının dalınca söyüş söyməz!”. Amma hava limanında taksidən düşən bu qəribə sərnişinə pulun qalığını qaytarandan sonra ayrı şey dedi:
- Padles!
Menecerin heç tükü də tərpənmədi, amma qızların heyrətdən gözləri bərəldi... Sonra taksi sürücüsü üzünü qızlara tutub səsinə bir qədər mülayimlik qatdı:
-Afv edersiniz, xanım efendi... Şurada iş yapiyoruz, ama veteni satmıyoruz...
Hoteldə pəncərə qabağında dayanıb həyətə baxan və Yurgenin gəlməsini sonsuz həyəcanla gözləyən Aygün birdən-birə içində böyük bir buz parçasının sındığını duydu; yox, yox, bu, onu bayaqdan bəri ovunduran həmin o şüşə deyildi; yaxşı, axı bu, nəydi belə? Qadın balasını gözü qarşısında pişik yemiş ana sərçə kimi çırpınmağa başladı. Düşündü ki, yağış sularının şırhaşırla tökülməsi, havanın üzünün qaralması heç də yaxşı əlamət deyil.
Yağış dayanmaq bilmirdi. Havanın üz-gözü zəhrimara dönmüşdü. Vəziyyətin beləcə davam etməsi Aygünü heç açmadı; narahatlıq anbaan şişirdi; qərib yerdi, Yurgendən başqa heç kimi tanımır... Birdən o, gəlmədi? Hər şey ola bilər... Yox, yox... ola bilməz! O, söz verdi ki, saat on ikidə gələcək, məni burdan aparacaq! Bu da sənin müsabiqən. Əntiqədi, əcəb səyahətdi! Bir qədər əvvəl “Astoriya”dan çıxıb hava limanına gedən həmyerlilərinə bu anda paxıllığı tutdu. Cəmi beş-altı saatdan sonra Bakıda olacaqlar.... Mən isə... Yox... Yox... Bu, ola bilməz! Almanlar dəqiq adamlardı.... Söz verdilərsə, mütləq yerinə yetirəcəklər...
Bu isti, min dənə başı olan, həm də cəlbedici düşüncələr içində çabalayan Aygün rahat hotel otağının pəncərələrini döyən leysan yağışına tamaşa etdikcə fikirlərini cəmləşdirə bilmirdi; ona şüşə kimi xöşbəxt anlar vəd verən gözəlliyini belə unutmuşdu; o, indi otağın pəncərələrini taqqıldadan yağışın nə üçün birdən-birə leysana döndüyünün fərqinə varmaq istəyirdi.
Saat on iki oldu... Ürəyi daha bərkdən döyünməyə, həyəcanları artmağa başladı. Yurgendən səs-səmir yox idi. On dəqiqə də keçdi. Gözü qapıdaydı. Qapını heç kəs döymədi. Yenə on dəqiqə keçdi... Yurgen gəlib çıxmadı. Birdən nə düşündüsə pişik kimi yerindən sıçradı, cəld çantasını götürüb bayıra çıxdı. Hələ ikiyə vardı... Hava limanına çatacaq. Yox... o bu saat taksi saxlayacaq... Gedib hamıdan üzr istəyəcək... Necə də sarsaq bir gündü?!.
Vestibüldə çıxış qapısına çatar-çatmaz inzibatçı arxadan onu səslədi:
-Miss, miss! Ay moment!
Geri döndü; elə bildi ki, hotelin hesabını ödəməlidir. Lakin yox, bu günə qədər bütün hesablar firma tərəfindən ödənmişdi. İnzibatçının gülümsər çöhrəsi onu bir qədər duruxdurdu.
- What iz it? - soruşdu.
- You have a message from Mr. Yurgen!
Çantanı vestübüldəki divanın üstünə tulladı; inzibatçıya tərəf demək olar ki, yüyürdü.
- Let me see…
İnzibatçı pul tapmış uşaqlar kimi sevincək kompüterdən çıxartdığı kağızı qadına uzatdı. O, acgözlüklə oxudu: “My darling, please wait for me! Sorry, I am late because of raining cats and dogs… See you soon”.
Aygün gözlərini əlləri ilə bağlayıb divana söykəndi; onun hönkürtüsü şaqqanağa da bənzəyirdi. Bu dəqiqə özündən başqa heç kəs deyə bilməzdi ki, dünya kimindi; onunkudu, yoxsa Yurgeninki? Hotel xidmətçiləri isə bir qədər ehtiyat edə-edə qadına yaxınlaşıb təəccüb və heyrət içində astadan pıçıldadılar:
“ What’s happened?”
 

0 şərh